Azərbaycanlı alim Özbəkistan Turan Elmlər Akademiyasının akademiki seçilmişdir

“Azərbaycan” nəşriyyatının iclas zalında təqdimat mərasimi keçirilmişdir. Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının rəyaət heyətinin üzvü, akademik Səxavət Oçiyev mərasim iştirakçıları qarşısında müstəqillik illərində Azərbaycan və Özbəkistan xalqları arasında qədim ənənəvi dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsindən söhbət açdı.

Azərbaycan və Özbəkistan alimlərinin qarşılıqlı elmi əlaqələrinin geniş vüsət tapması diqqətə çatdırdı. Qeyd etdi ki, sizin görüşünüzə xüsusi tapşırıq və xoş məramla gəlişim də bu cəhətdən təsadüfi deyildir. 2018-ci il yanvarın 28-də Özbəkistan Respublikasının “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Teymur Əhmədov Əkbər oğlunu yekdilliklə “Turan” Elmlər Akademiyasının akademiki seçmişlər.  Rəyasət heyətinin üzvləri müzakirə zamanı Teymur Əhmədovun elmi fəaliyyətini və mətbuat sahəsində xidmətlərini yüksək qiymətləndirmişlər. Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun və s. sənətkarlar barədə tədqiqatlarını, onun çoxcəhətli yaradıcılığını rəğbətlə qarşılamışlar.

Sonra akademik Səxavət Oçiyev Teymur Əhmədovu “Turan” Elmlər Akademiyasının akademiki seçməsi münasibətilə təbrik etmiş, ona diplom və döş nişanı təqdim etmişdir.

İclasda çıxış edən Allahşükür Qurbanov, Ağabəy Əsgərov, Mübariz Yunusov T.Əhmədovun elmi və ictimai fəaliyyətindən danışmışlar.

Sonda Teymur Əhmədov Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə bu böyük etimada görə razılığını bildirdi. Onun əməyinin qiymətləndirilməsini özbək elm xadimlərinin Azərbaycan elminə və alimlərinə məhəbbəti kimi qəbul etdiyini bildirdi.

 

 

 

Müşfiq MİRZƏ,

“Respublika”.

 

 

Bir cavab yazın